Kapadokyada Qarabağ küçəsinin açılışı olub
24 iyul 2017 17:16 (UTC +04:00)

Kapadokyada Qarabağ küçəsinin açılışı olub

0

Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub. Lent.az-ın məlumatına görə, bölgə bələdiyyə başqanlarının, millət vəkillərinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə həyata keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Uçhisar bələdiyyəsinin qərarı ilə hazırlanıb.

 

Hər il yüz minlərlə turistin keçdiyi küçəyə qədim Qarabağın adını verməkdən çox məmnunuq deyən Uçhisar bələdiyyə başqanı Ali Karaarslan Qarabağ Azərbaycan qədər onların da problemi və acısı olduğunu deyib.

 

Nevşəhər millət vəkili Mustafa Açıkgöz Qarabağ probleminin həllində ikili standartlardan çıxış edən və Azərbaycana lazımi dəstək verməyən beynəlxalq təşkilatları qınayaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman Azərbaycanın yanındayıq deyib.

 

Q. Paşayeva çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. İşğalçı Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün birlikdə daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

 

Millət vəkili 2 yaşlı Zəhranın şəklini göstərərək onun erməni faşistləri tərəfindən vəhşicə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib və həqiqətlərin dünyaya daha geniş yayılması üçün birlikdə daha da çox çalışmalıyıq deyib.

 

Açılış lentlərinin kəsilməsi, müğənni İlham Əskəroğlu və istedadlı gənclərimizdən Nicat Canıyevin ifasında “Qarabağ Şikəstəsi” və “Çırpınırdı Qara dəniz” əsərlərinin səslənməsi ilə başa çatıb. Qeyd edək ki tədbirlər Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə həyata keçirilib.

 

Q. Paşayeva tədbirin sonunda Uçhisar bələdiyyə başqanı Ali Karaarslana və Nevşəhər millət vəkili Mustafa Açıkgözə Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyəti ilə bağlı əsərlər, hədiyyələr, kitablar təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar