2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu davam etməkdədir.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya ilk 41 namizəd barədə müsbət qərar verib.
Təhsil Nazirliyi həmin şəxsləri təbrik edərək, onların xarici ali təhsil müəssisələrini yüksək akademik göstəricilərlə başa vuracaqlarına və əldə etdikləri bilik və bacarıqlardan ölkənin davamlı inkişafı naminə səmərəli istifadə edəcəklərinə ümid edir. Digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcək.
Prezidentin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkənin “qara qızıl”ının insan potensialının gücləndirilməsinə yönləndirilməsi istiqamətində ən önəmli təşəbbüslərdən biri olmaqla yanaşı, dövlətin gənc kadrların formalaşdırılması məqsədilə onların xaricdə təhsilinə böyük məbləğdə vəsait yatırılması yönündə dünyada mövcud olan nadir layihələrdən biridir.
Qeyd edək ki, xaricdə təhsil almaq üçün göndəriləcək 41 namizədin siyahısı Təhsil Nazirliyinin saytında (http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=7003) yerləşdirilib.