Ümumdünya Turizm Təşkilatı Azərbaycanda elektron viza sisteminə keçilməsini alqışlayan press-reliz yayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək və yeni sistemin tətbiqi Azərbaycana beynəlxalq turist axınını artırmaqla, bütövlükdə ölkənin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq.
Təşkilatın yaydığı press-relizdə qeyd edilir ki, viza sisteminin sadələşdirilməsi turizmin inkişafına və dolayısı ilə iqtisadi inkişafa müsbət təsir edən başlıca amillərdən biridir.
Qeyd edək ki, ölkə prezidentinin sərəncamına əsasən, elektron viza sistemi 2013-cü ilin mart ayından etibarən tətbiq olunmağa başlayıb. Yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına və vaxta qənaət etməyə şərait yaradır.