Tələbə Qəbulu üzrə Dövlət Komissiyası şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə onlardan dekabrın 1-dək şagirdlər barədə tələb olunan məlumatların “Şagird-Məzun” Sisteminə daxil edilməsini təmin etmələri xahiş olunub.
“2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin Təqvim planı” üzrə şagirdlərin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən, buraxılış sinif şagirdlərinin əvvəlki tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə əlavə (düzəliş) edilməsi və məlumatların təsdiq edilməsi (I təsdiq) mərhələsi dekabrın 1-dən başlayır.
Noyabrın 1-dən dekabrın 1-dək ümumtəhsil müəssisələri və peşə liseylərində mövcud olan siniflər, bu siniflərdə təhsil alan şagirdlərin sayı və ümumtəhsil müəssisələrinin ünvanları haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi prosesi davam edir. Hazırda 32104 sinif və 536419 təhsil alanın sayı haqqında məlumat “Şagird-məzun” sisteminə daxil edilib. Bu da ölkə üzrə ümumi məlumatların 68%-ni təşkil edir.