Oktyabrın ən çox gözlənilən 7 serialı – SİYAHI
30 sentyabr 2026 17:43 (UTC +04:00)

Oktyabrın ən çox gözlənilən 7 serialı – SİYAHI

0

Payız axşamlarını ekran qarşısında keçirməyi sevənlər üçün oktyabr ayı maraqlı seriallarla zəngin olacaq. Yeni mövsümdə həm məşhur romanların ekranlaşdırılması, həm də qorxu və fantastika janrında layihələr tamaşaçı qarşısına çıxacaq.

Lent.az xarici mediaya istinadən oktyabrda premyerası gözlənilən 7 diqqətçəkən serialı təqdim edir.

"Müharibə"

Serialda Dominik Vest milyarder Morqan Hendersonu, Sienna Miller isə aktrisa Karla Düvalı canlandırır.

Bir vaxtlar böyük sevgi ilə ailə quran cütlüyün 10 ildən sonra münasibətləri dağılır. Onların boşanması isə Londonun ən səs-küylü və bahalı məhkəmə proseslərindən birinə çevrilir. Morqanın maraqlarını şəhərin ən nüfuzlu hüquq şirkətlərindən biri müdafiə edir, Karla isə onun əsas rəqibinə müraciət edir. Bununla da iki vəkil komandası arasında sərt mübarizə başlayır. Xəyanət, mediaya məlumat sızdırılması, rəqib şirkətə gizli agent yerləşdirilməsi və müxtəlif çirkli üsullar bu mübarizənin bir hissəsinə çevrilir.

"Edemin şərqində"

Oktyabrın ən çox gözlənilən layihələrindən biri Con Steynbekin 1952-ci ildə nəşr olunan məşhur romanının ekranlaşdırılmasıdır. Hadisələrin mərkəzində bir ailə daxilində qarşıdurma və Florens Pyunun canlandırdığı Keti adlı sirli qadın dayanır.

Keti gözəl, praqmatik və məqsədinə çatmaq üçün təhlükəli addımlardan çəkinməyən biri kimi təqdim olunur. O, Adam Trask və Çarlz adlı iki qardaş arasındakı münasibətlərin pozulmasında mühüm rol oynayır. Adam obrazını Kristofer Ebbott, Çarlzı isə Mayk Fayst canlandırır.

Mini-serialın yaradıcılarından biri Zoi Kazandır. Maraqlıdır ki, o, əsərin məşhur kino adaptasiyasını çəkən rejissor Elia Kazanın nəvəsidir.

"Cekini öldürün"

Serialın əsas qəhrəmanı Ceki Prays vaxtilə beynəlxalq narkotik ticarəti ilə məşğul olub. Son 20 ildə isə sakit və təminatlı həyat sürərək incəsənət əsərlərinin satışı ilə məşğuldur. Lakin bir gün Ceki onun öldürülməsi üçün muzdlular tutulduğunu öyrənir. O, bunun arxasında “Seven Demons” adlı sirli qrupun dayandığından şübhələnir.

Gizlənmək əvəzinə Ceki onu öldürmək istəyənlərin kimliyini müəyyənləşdirib ilk zərbəni özü endirmək qərarına gəlir. Kriminal süjetlə yanaşı serialda yumor elementlərinə də geniş yer verilib.

“Kerri”

Stiven Kinqin məşhur romanı bu dəfə serial formatında ekranlara qayıdır. Əsərin əsas qəhrəmanı sinif yoldaşlarının davamlı zorakılığına məruz qalan utancaq məktəbli Kerridir. İllərlə davam edən təzyiqdən sonra onun qorxusu fövqəltəbii gücə çevrilir.

Yeni ekranlaşdırmanın müəllifi qorxu janrındakı layihələri ilə tanınan Mayk Fleneqandır. Kerri obrazını Sammer Hauell, onun sərt və fanatik dindar anası Marqareti isə Samanta Sloyan canlandırır.

“Kiçik peyğəmbərlər”

Maykl sevgilisi Kleyanın bir gün heç bir açıqlama vermədən yoxa çıxması ilə barışa bilmir. Bir gün onun atası Brayan köhnə gündəlik tapır. Gündəlikdə həqiqəti üzə çıxara bildiyi iddia olunan homunkulların yaradılması üçün qəribə resept yer alır. Brayan qocalar evində yaşayır və yaddaşı əvvəlki kimi güclü deyil. Buna baxmayaraq, Maykl atasının qeydlərinə inanaraq risk etməyə qərar verir. 

Maykl rolunu Pirs Kviqli, onun atası Brayanı isə Maykl Peylin canlandırır.

“Dərinliklərdən”

Hadisələr Kanadanın Nyufaundlend bölgəsində yerləşən kiçik şəhərdə cərəyan edir. Dənizdə balıqlar getdikcə azalır, turistlər müəmmalı şəkildə yoxa çıxır, aysberqlərdən əldə edilən buz isə qəribə qoxu verməyə başlayır.

Coş Hartnettin canlandırdığı balıqçı Kelvin Penni əvvəlcə maddi problemlərlə mübarizə aparır. Lakin müəmmalı hadisələr bütün şəhəri təhdid etməyə başlayanda vəziyyət dəyişir. Hadisələrin səbəbini araşdırmağa çalışan dəniz bioloqu Meqqi obrazını Makkenzi Devis oynayır. Kelvinin oğlu Ueydi isə Çarli Hiton canlandırır.

“Gizli”

İtan Houkun canlandırdığı Li Reybon həqiqətin arxasınca getməkdən çəkinməyən jurnalistdir. O, Oklahoma ştatının Tulsa şəhərində kitab mağazası işlədir və başqalarının unutmağa üstünlük verdiyi hadisələri araşdırır. Bu marağı isə onu dəfələrlə təhlükəli vəziyyətlərlə üz-üzə qoyur.

Serialın ikinci mövsümündə Li yeni müəmmalı işlə qarşılaşır. Betti Gilpinin canlandırdığı dövlət vəkili həbsxanadan müəmmalı şəkildə yoxa çıxan müvəkkilini tapmaq üçün ondan kömək istəyir. Eyni zamanda Linin həyatında başqa problem yaranır. Onun atasının öldüyünü düşündüyü halda, Tommi Li Consun canlandırdığı ata qəfil şəhərə qayıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar