O, qeyri-adi geyimləri, özünəməxsus danışıq tərzi, fərqli səhnə davranışı və mahnıları ilə Azərbaycan şou-biznesinin ən çox diqqət çəkən simalarından birinə çevrilmişdi. Onu digərlərindən fərqləndirən təkcə səsi deyildi. Bəstələr yazır, verilişlər aparır, yeni layihələr hazırlayırdı. Tamaşaçı qarşısında daim şən və enerjili görünən sənətçi şəxsi həyatını və üzləşdiyi çətinlikləri isə mümkün qədər diqqətdən uzaq saxlayırdı.
Lent.az “Unudulan sənətkarlar” rubrikasında müğənni və bəstəkar Rəhim Rəhimlinin həyat və yaradıcılıq yoluna nəzər salır.
Rəhim Rəhimli 1976-cı il dekabrın 28-də Ağdam şəhərində dünyaya gəlib. Bəzi mənbələrdə isə onun əslən Salyandan olduğu bildirilir.
Hərbçi ailəsində böyüyən müğənni
Rəhim hərbçi ailəsində böyüyüb. Atası uzun illər hərbi sahədə çalışıb. Sənətçi onu hər zaman öz qəhrəmanı adlandırıb. Rəhimin musiqi təhsili almasını istəyən və bunun üçün çalışan şəxslərdən biri də məhz atası olub.
Atasının işi səbəbindən uşaqları onunla çox vaxt keçirə bilməyiblər. Sənətçinin danışdıqlarına görə, atası gec saatlarda evə qayıdanda onlar artıq yatır, səhər yuxudan oyananda isə o, yenidən işdə olurmuş.
Atası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bundan sonra sənətçi ailəsi haqqında danışmamaq qərarına gəlib.
Anası Firəngiz xanım Rəhimin ölümündən sonra verdiyi müsahibələrdə oğlunu yumşaqürəkli, ailəsinə və yaxınlarına bağlı insan kimi xatırlayıb. Onun sözlərinə görə, Rəhim yaxşı oğul və yaxşı qardaş olub. Başqalarının qayğısına qalmağı bacarsa da, öz səhhətinə lazımi qədər diqqət yetirməyib.
Televiziyaya yol açmaq üçün qurduğu “oyunlar”
Rəhimin musiqiyə marağı uşaqlıqdan başlayıb. Cəmi 12 yaşında “Bənövşə” uşaq xorunun solisti olub. Elə həmin illərdə televiziya onun üçün başqa bir dünyaya çevrilib.
Rəhim Rəhimli “Bənövşə” uşaq xorunun solisti olduğu vaxtlardan televiziyaya böyük maraq göstərib. Vəsiqəsi olmadığı və yaşı çatmadığı üçün bəzən AzTV-yə qarajdan girib, hətta həyətə damdan keçərək daxil olub.
Bəzən televiziyaya məxsus avtomobilləri yolda saxlayıb, sürücünün yanında əyləşərək binaya daxil olurmuş. Həmin vaxt “Tarqovı”da yaşayan diktor Şərqiyyə Hüseynovanın evdən çıxmasını gözləyir, onunla eyni marşruta minir və söhbət edə-edə AzTV-yə qədər gedirmiş. Mühafizəçilər də onu televiziya əməkdaşı hesab edirmişlər.
Azərbaycan Radiosunda Əhməd bəy Aşurbəyovla tanışlığı onun televiziya ilə əlaqələrinin daha ciddi mərhələyə keçməsinə səbəb olub. İllər keçdikcə televiziyaya marağı səhnəyə, səhnəyə olan həvəsi isə peşəkar musiqi fəaliyyətinə çevrilib.
Musiqi sevgisindən səhnəyə atılan addımlar
Rəhim Rəhimli Azərbaycan estradasına yalnız müğənni kimi gəlməyib. O, həm də öz mahnılarını yazan, başqa sənətçilərə bəstələr verən musiqiçi kimi tanınıb.
“Qal yana-yana”, “Ay maşallah”, “Başım ağrıyor”, “Quzu kəsərəm”, “Qızlar”, “Balta” və “Siz deyin, qızlar” kimi mahnıları müxtəlif dövrlərdə geniş dinləyici auditoriyası qazanıb. Sonrakı illərdə Nadeer və Ramil Nabranla hazırladığı “Basdalama” layihəsi də diqqət çəkib.
Rəhim Rəhimlinin səhnə geyimləri, saç düzümü, rəqsləri, mimikaları və sərbəst davranışları ona fərqli obraz qazandırıb. Onu tənqid edənlər də, sevənlər də olub. Ancaq Rəhim Rəhimli daim diqqət mərkəzində qalmağı bacarıb.
Televiziya həyatı
Televiziya onun həyatında musiqi qədər mühüm yer tutub. Müxtəlif illərdə ATV və Lider TV-də çalışan Rəhim Rəhimli uzun müddət “Dostum” proqramının aparıcısı olub.
O, 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər MTV Azərbaycan kanalının direktoru vəzifəsində çalışıb. Bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb. Daha sonra Azərbaycana qayıtması və “Maşın şou”da iştirakı onu yenidən böyük auditoriyanın diqqət mərkəzinə gətirib. Sənət dostları sonralar onun həmin layihəyə qatılmaq istəmədiyini bildiriblər.
Ailə qurmaq istəməməsi
Rəhim Rəhimli ailə həyatı qurmayıb. O, müsahibələrinin birində ənənəvi evlilik anlayışına fərqli yanaşdığını, həyatında uzunmüddətli münasibətin olduğunu, lakin sonradan tək yaşadığını söyləyib.
Sənətçi uşaqlıqdan bir arzusunun olduğunu və həmin arzu həyata keçmədən ailə qurmaq istəmədiyini bildirib.
Dörd saatlıq əməliyyat
Müğənni illər əvvəl ağır yol qəzasına düşüb. Ayağından dörd saat davam edən əməliyyat keçirib, sümüyünə titan implant yerləşdirilib. Sonradan onda damar tıxanmaları yaranıb.
Bir müddət əsa ilə gəzməsinə baxmayaraq, hətta əsa ilə podiuma çıxaraq şou göstərib. O, səhnə proqramlarına böyük komanda ilə çıxıb, qonorar az olanda isə əməkdaşlarının pulunu öz cibindən ödəyib.
50 yaşına çatmayan ömür
Ömrünün son illərində efirlərdə az görünən sənətçi getdikcə daha sakit həyat sürməyə başlayıb. Həmin dövrdə səhhətində ciddi problemlər yaranıb. Buna baxmayaraq, xəstəliyinin nə dərəcədə ağır olduğunu çox adam bilməyib.
Anasının sözlərinə görə, Rəhim özünü elə aparır, gülüb-danışırmış ki, ətrafındakılar onun ciddi xəstə olduğuna inanmırmışlar. Xəstəxanada üç gündən artıq qala bilməyən sənətçi dərmanlarını da müntəzəm qəbul etməyib.
Rəhim Rəhimli 2022-ci il sentyabrın 30-da, 45 yaşında dünyasını dəyişib. O, Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.
Anası Firəngiz xanım müsahibələrinin birində Rəhimin ona tez-tez 50 yaşından çox yaşamayacağını söylədiyini qeyd edib.