Bütün pulları bir bank hesabında saxlamaq rahat olsa da, böyük məbləğdə yığımı olan şəxslər üçün əlavə risk yarada bilər. Xüsusilə vəsait əmanətlərin sığortalanması üzrə müəyyən edilmiş həddi aşdıqda, pulun bir hissəsi təminatdan kənarda qala bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, maliyyə mütəxəssisləri yığımları bölüşdürərkən həm təhlükəsizliyi, həm də pula ehtiyac yarandıqda onu tez əldə etmək imkanını nəzərə almağı məsləhət görürlər.
Bir hesabda nə qədər pul saxlamaq olar?
Bunun üçün hamıya uyğun vahid məbləğ yoxdur. Böyük vəsaiti banka yerləşdirməzdən əvvəl müvafiq ölkədə əmanətlərin sığortalanma həddini və şərtlərini yoxlamaq lazımdır. Məbləğ qorunan həddi keçirsə, vəsaitin bir hissəsini başqa bankda saxlamaq riski azalda bilər.
Seçim zamanı yalnız yüksək faizə diqqət yetirmək kifayət deyil. Əmanətin müddəti, vaxtından əvvəl çıxarılma şərtləri və təcili ehtiyac zamanı vəsaitə çıxış imkanı da əhəmiyyətlidir.
Bank niyə pulun mənbəyini soruşa bilər?
Hesabda böyük məbləğin olması özlüyündə problem sayılmır. Lakin qeyri-adi və ya iri köçürmələr maliyyə monitorinqi çərçivəsində bankın diqqətini çəkə bilər. Belə hallarda müştəridən vəsaitin mənbəyini izah etmək və təsdiqləyici sənədlər təqdim etmək istənilə bilər.
Buna görə alqı-satqı müqavilələrini, miras sənədlərini, gəliri təsdiqləyən arayışları və bank çıxarışlarını saxlamaq vacibdir.
Yığımları necə bölüşdürmək olar?
Mütəxəssislər gündəlik xərclər üçün lazım olan məbləği cari hesabda saxlamağı, yığımın bir hissəsini əmanətə yerləşdirməyi, gözlənilməz xərclər üçün isə ayrıca ehtiyat ayırmağı tövsiyə edirlər.
Ehtiyat vəsait uzun gözləmə olmadan əldə edilə bilməlidir. Bu pul gəlirin itirilməsi, təcili təmir, müalicə və digər gözlənilməz ehtiyaclar zamanı lazım ola bilər.
Bütün yığımı evdə nağd saxlamaq da risksiz deyil. Oğurluq, yanğın və pulun itməsi ehtimalı ilə yanaşı, nağd vəsaitin əlavə gəlir gətirməməsi də nəzərə alınmalıdır.
Pulun harada saxlanılacağına qərar verərkən yığımın məbləği, şəxsi maliyyə məqsədləri və vəsaitə nə vaxt ehtiyac yaranacağı əsas götürülməlidir.