Sumqayıtda kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, 29 yaşlı Kamal İbadov (şərti adla) yaşadıqları evdə arvadına xəsarətlər yetirməkdə təqsirli bilinib.
Məlumata görə, Kamal iştirak etdiyi ad günü məclisindən evə sərxoş halda və gec gəlib. Buna görə də arvadı və qayınanası ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, yumruq və sillə zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrinə vurub. Yerə yıxılan qadını təpiklə döyməyə davam edib. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb.
Hadisədən sonra Kamal İbadov əşyalarını yığaraq, evi tərk edib.
Fakt əsasında Kamal İbadov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs bildirib ki, 6 ildir ailə qurublar, ancaq rəsmi nikahları yoxdur. Bu evlilikdən 2 övladı dünyaya gəlib. Qayınanası tez-tez onlara gəlir və ailə işlərinə qarışır. Hadisə olan günü də yaranan mübahisə zamanı əsəbiləşdiyi üçün məlum cinayəti törədib. O, əməlindən peşman olduğunu və zərərçəkən dəyən ziyanı ödədiyini bildirib.
Zərərçəkən qadın isə ifadəsində deyib ki, özü işdən gələnədək anası onlara gəlib uşaqlarına baxır. Hadisə olan günü həyat yoldaşı evə gec gəldiyi üçün ondan bunun səbəbini soruşub. Qadının sözlərinə görə, Kamal mübahisə zamanı “Niyə anandan imtina etmirsən? Onun tərəfini saxlayırsan” deyərək, onun anasını söyüb. Zərərçəkən şəxs əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyərək, cinayət işinə xitam verilməsini istəyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və K. İbadov məsuliyyətdən azad olunub.