Mingəçevirdə sərnişinlər arasında yer üstündə dava olub.
Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində, poçt binasının yaxınlığında baş verib.
42 yaşlı Mahir Mədətov (şərti adla) Goranboya getmək üçün səhər saat 4 radələrində mikroavtobusa minib. Bu zaman o, sərnişinlərdən birinə arxada keçib oturmasını deyib. Lakin sərnişin onunla razılaşmayıb və tərəflər arasında mübahisə yaranıb. Daha sonra Mahir sillə ilə həmin sərnişinin üzünə vurub.
Zərərçəkənin şikayəti əsasında M. Mədətov saxlanılaraq, barəsində protokol tərtib olunub.
Zərərçəkən bildirib ki, Mahir ondan ayağa durub ailəsinə yer verməsini tələb edib. Lakin o, bununla razılaşmayıb və nəticədə məlum hadisə baş verib. O, hazırda Mahirdən təzminat istədiyini bildirib. Mahir isə zərərçəkəni qəsdən vurmadığını, qarşı tərəf onu itələdiyi üçün özünü müdafiə məqsədilə həmin sərnişini vurduğunu deyib.
Məhkəmənin qərarı ilə M. Mədətov 15 gün müddətinə inzibati qaydada həbs olunub.