Edvard Rukidi Nyabonqo, 34 yaşında Oyo Nimba Kabamba İqura Rukidi IV-ün hakim monarxının ölümündən sonra Uqanda Toro hökmdarı olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, tacqoyma mərasimi sentyabrın 29-da Uqandanın Fort- Portal şəhərində baş tutub. Edvard Rukidi Nyabonqo ömrünün çox hissəsini dövlətə məxsus Uqanda Yayım Korporasiyasında redaktor və aparıcı kimi keçirib.
56 yaşlı keçmiş jurnalistin taxta çıxması acı varislik mübahisəsi fonunda baş verib. Mərhum kral Oyonun anası və bacısı bu addıma qarşı çıxıblar və 34 yaşında xərçəngdən ölən Oyonun kiçik bir oğlu qaldığını və onun əsl varis olduğunu iddia ediblər.
Edvard Rukidi Nyabonqo taxt-taca əsas iddiaçı hesab olunmasa da, krallığın hakim Babiito klanı varisdən xəbərsiz olduqlarını və ənənəvi varislik prosedurlarına əməl etdiklərini iddia edib. Edvard Rukidi Nyabonqo uyğun şahzadələr arasından seçilib.
Toro, erkən feodal mənşəli Şərqi Afrika dövlətidir və indiki Uqanda ərazisindəki beş ənənəvi krallıqdan biridir. Ölkə konstitusiyasına əsasən muxtar statusa malikdir. Monarxlar rəsmi siyasi gücə malik deyillər, lakin ənənəvi mədəniyyətin qoruyucuları kimi xalqları arasında əhəmiyyətli təsirə malikdirlər.