Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifadə zamanı yaranan su buxarı kağızın nəmlənməsinə səbəb olur.
Uzun müddət rütubətli şəraitdə qalan rulonlar möhkəmliyini itirə, formasını dəyişə və xoşagəlməz qoxu verə bilər. Belə şəraitdə kağızın üzərində kif izlərinin yaranması da mümkündür.
Açıq qablaşdırmada saxlanılan tualet kağızı nəmi daha tez çəkir. Rulonlar ilk baxışdan quru görünsə belə, temperatur və rütubətin davamlı dəyişməsi onların keyfiyyətinə təsir göstərir.
Kağız ehtiyatını unitazın yanında açıq şəkildə saxlamaq da məsləhət görülmür. Su axıdılan zaman havaya yayılan xırda damcılar rulonların üzərinə düşə bilər. Gündəlik istifadə üçün bir rulonu hamam otağında saxlamaq kifayətdir. Qalan ehtiyatı isə quru yerə qoymaq daha məqsədəuyğundur.
Tualet kağızını saxlamaq üçün ən uyğun yer yüksək rütubətin və kəskin temperatur dəyişikliklərinin olmadığı şkaf və ya anbar otağıdır. Dəhlizdə, yataq otağında və ya qarderobda ayrılan rəf bu məqsədlə istifadə oluna bilər.
Evdə yer azdırsa, rulonları qapaqlı plastik qaba yığmaq mümkündür. Bu üsul kağızı tozdan və təsadüfi su damcılarından qorumağa kömək edir.
Qablaşdırmanı birbaşa döşəməyə qoymaq da tövsiyə edilmir. Hətta quru otaqda belə, tualet kağızı ehtiyatını rəfdə və ya şkafda saxlamaq daha yaxşıdır.