“TQDK rəhbəri ilə repititorluq məsələsilə bağlı çox konstruktiv və pozitiv müzakirələrimiz artıq olub. Bunu gizlətmirəm. Məni sevindirən hal odur ki, biz bu məsələdə həmfikirik”.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, repititorluğun köklərini düzgün təhlil edib, müxtəlif tədbirlər görmək lazımdır: “Repititorluq məsələsi mövcuddur. İnsanların əksəriyyəti güman edir ki, seçdiyi ixtisas üzrə qəbul imtahanında yüksək nəticəni əldə etmək üçün repititordan istifadə etmək zəruridir. Bunun səbəblərini və köklərini düzgün şəkildə başa düşməliyik və araşdırmalıyıq. Orta təhsilə və məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə yetirən qurum kimi baxmaq istəmirəm və belə bir baxışı köklü şəkildə səhv hesab edirəm. Orta təhsilin məqsədi şagirdləri tam şəkildə müstəqil həyata hazırlamaq, müstəqil Azərbaycan vətəndaşını formalaşdırmaq və ona lazım olan biliyi verməkdir. Artıq o müstəqil vətəndaş öz həyatı barədə qərar qəbul etməlidir. Şagird, abituriyent bu və ya digər səbəbdən ali təhsil ocağının tələbəsi olmursa, hansısa peşə seçirsə, ona digər şagirdlərdən daha az istedadlı, daha az əhəmiyyətli işlə məşğul olan bir insan kimi yanaşılması düzgün deyil. Dünya təcrübəsi də bunu göstərir ki, ali təhsili olmayan insanlar da həyatda böyük uğurlara nail ola bilir”.