“Müəllimlərin əməkhaqlarının qaldırılması mövzusu gündəmdədir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqı qaneedici səviyyədə deyil: “Lakin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının düzgün mexanizmi tapılmalıdır. Avtomatik şəkildə müəllimlərin əməkhaqları artırılmalıdırmı, yoxsa dünya təcrübəsində istifadə edilən biliyə, səviyyəyə, təcrübəyə görə qiymətləndirmə metodlarından istifadə olunmalıdırmı? Hazırda bu məsələ müzakirə olunur. Müəllimlərin əməkhaqları ilə bağlı düzgün qərar vermək üçün hərtərəfli müzakirələr aparmaq lazımdır”.
Nazir bildirib ki, Azərbaycan cəmiyyətində həmişə müəllim nüfuzu yüksək olub: “Biz özlüyümüzdə düşünməliyik. Həqiqətənmi müəllimin əsl müəllim olması məvacibdən irəli gəlir? Müəllimlik xüsusi bir missiyadır. Müəllim sözünün mənasını iş adamı və ya öz mənfəətini güdən adamla eyniləşdirməyin tərəfdarı deyiləm”.