10 gün əvvəl Təbrizdə tutulan tanınmış azərbaycanlı bəstəkar, 72 yaşlı Həsən Dəmirçinin (Həsənağa Azərbaycan) ağır psixi təzyiqə məruz qoyulduğu haqda məlumat yayılıb.
Lent.az-ın «Media forum»-a istinadən məlumatına görə, Cenevrədə fəaliyyət göstərən İran insan hüquqları qrupunun rəhbəri Faxtə Zəmani jurnalistlərə açıqlamasında Həsən Dəmirçiyə qarşı təzyiqlərin kəskin artmasından ciddi narahat olduğunu bildirib: «70-dən çox yaşı olan Həsən Dəmirçi hazırda Təbrizin mərkəzi zindanında saxlanır. Tanınmış bəstəkara psixi təzyiq göstərmək üçün onu narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılaraq tutulan məhbusların yanına salıblar. Dəmirçinin fiziki və psixi sağlamlığı ciddi təhlükə altındadır. Həsən Dəmirçinin ailə üzvlərinə onun durumu və səhhəti ilə bağlı müsahibələrə də qadağa qoyulub. Onlar məhz həmin təzyiq və təhdidlərə görə də bəstəkarın saxlandığı şəraitlə bağlı hüquq müdafiəçilərinə açıqlama verməkdən çəkinirlər».
İran ETTELAAT-ının Təbriz şöbəsinin əməkdaşları Həsən Dəmirçini noyabrın 4-ü səhər tezdən evində tutub aparıblar.
Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə Həsən Dəmirçi indiyədək bir neçə dəfə tutulub. Bu ilin iyulunda onun məhkəməsi keçirilmişdi. Təbriz məhkəməsi Həsən Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə şərti həbs cəzasına məhkum etmişdi.