Azərbaycan Respublikasının xarici siyasət istiqamətləri içərisində Almaniya ilə münasibətlər xüsusi yer tutur. Bu da səbəbsiz deyildir. İkiyə bölünmüş Almaniyanın çox qısa müddətdə birləşdirilməsindən sonra vahid dövlətin iqtisadi, siyasi və hərbi potensialı son dərəcə güclənmişdir.
AFR Ümumi Daxili Məhsulun istehsal göstəricilərinə görə Avropada birinci, dünyada isə ABŞ və Yaponiyadan sonra üçüncü yerdə dayanır. Eyni zamanda Almaniya dünya sənaye məhsulları ixrac edən ən böyük dövlətlərdən biridir.
Almaniyanın güclü iqtisadi mövqeləri onun fəal və balanslaşdırılmış xarici siyasətini şərtləndirir ki, bu məqsədlə AFR-in hakim dairələri dünyada böyük siyasi rol oynamağa can atır, qlobal problemlərin həllində fəallıq göstərirlər. AFR-in silahlı qüvvələri dünyanın müxtəlif regionlarında sülhyaradıcı əməliyyatlarda iştirak edir, BMT-də mühüm qərarların qəbulunda xüsusi fəallıq nümayiş etdirir. AFR Avropa İttifaqı və NATO çərçivəsində Avropa siyasətinin formalaşdırılmasında xüsusi çəkiyə malikdir. Avropanın aparıcı dövləti rolunu təsdiqləyən AFR-in güclü hərbi potensialı da vardır.
Bu baxımdan bütövlükdə Cənubi Qafqaz regionu, ayrılıqda götürdükdə isə Azərbaycan Respublikası AFR-in strateji maraqları dairəsində olan dövlətlərdəndir. Azərbaycanın əlverişli coğrafi və geostrateji mövqeyi, habelə regionun ən böyük dövləti olmaq etibarilə zəngin təbii ehtiyat və sərvətlərə malikliyi rəsmi Bonn-Bakı münasibətlərinin perspektivlərini şərtləndirən çox mühüm, lakin heç də yeganə olmayan amillərdəndir. Bu baxımdan Azərbaycan Avropada ilk dəfə olaraq məhz Almaniyada 1992-ci ilin iyun ayında səfirlik açmasını da yuxarıda qeyd edilən tarixilik-müasirlik məsələləri kontekstində qiymətləndirmək lazımdır.
Azərbaycan-Almaniya münasibətlərinə təkan verən bir neçə amil var ki, onlardan birincisi, Almaniya Qərbin digər dövlətlərindən, xüsusilə də ABŞ və Fransadan fərqli olaraq erməni icmasının zəif olduğu, lobbisinin isə demək olar ki, olmadığı dövlətlərdəndir.
İkincisi, AFR-də türk icması sayca çox və mütəşəkkildir. Biznes dairələrində güclü nüfuza və təsir imkanlarına malikdirlər. Geniş lobbiçilik fəaliyyəti ilə də məşğuldurlar. Bir sözlə, bütün parametlər üzrə rəsmi Bakı-Bonn münasibətlərinin inkişafı üçün geniş perspektivlər vardır.
Bu gün Azərbaycan-Almaniya ikitərəfli münasibətləri demək olar ki, bütün sahələrdə inkişaf etməkdədir. Siyasi sahədə Azərbaycan-AFR münasibətləri qalxma trayektoriyası üzrə inkişaf edir, ikitərəfli əlaqələrin gələcək perspektivlərinə xidmət edəcək əsaslı hüquqi-normativ baza möhkəmləndirilir. İqtisadi sahədə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əsasında münasibətlər inkişaf etdirilir, çoxsaylı Almaniya şirkəti və kompaniyaları Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa davam edirlər. Humanitar sahədə Almaniya Ermənistana deyil, Azərbaycana daha çox yardımlar göstərən dövlətlər sırasındadır. Elə Almaniya Federativ Respublikasının müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı dərc olunmuş məqalələr də bunları təsdiq edir.
Ləman Xəlilova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı