Şeyxə orden verdilər
17 noyabr 2013 12:59 (UTC +04:00)

Şeyxə orden verdilər

Belarus Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni noyabrın 16-da Bütün Belarusun Patriarx-Ekzarxı, Minsk və Slutsk Mitropoliti Filaret qəbul edib.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Xristianlıq və İslamın qloballaşma şəraitində dialoqu» mövzusunda noyabrın 17-19-da Minskdə keçiriləcək beynəlxalq elmi-praktik konfransa dəvətli olan Şeyxülislamı səmimi qəbul edən Belarusun dini lideri onu Belarusda salamlamaqdan şərəf duyduğunu və dəvətini qəbul edib gəldiyi üçün təşəkkürlərini bildirib.

 

Şeyxülislam Mitropolit Filareti bir daha Azərbaycana səfərə dəvət edib. Mitropolit Filaret dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.

 

Şeyxülislam Mitropolit Filareti hər zaman ən müdrik dini liderlərdən biri saydığını, onu tanıdığı 33 il ərzində dəyərli fəaliyyətindən çox mətləblər əxz etdiyini dilə gətirib.

 

Azərbaycan və Belarus xalqları arasında dostluq və mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi işinə böyük töhfələr verdiyi üçün Mitropolitə minnətdarlığını bildirən A. Paşazadə ona uzun ömür, can sağlığı diləyib.

 

Görüşdə qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

 

Şeyxülislam və onu müşayiət edən nümayəndə heyətinin şərəfinə ziyafət mərasimində Belarus Mitropoliti Filaret ona «Dinlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında sülh və əmin-amanlığın qorunması yolunda səylərinə görə» Belarus Pravoslav Kilsəsinin I dərəcəli «Svyatitel Kiril Turovski» ordenini təqdim edib.

 

Görüşlərdə QMİ sədrinin müavini Sabir Həsənli və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşeyin iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar