Səhiyyə Nazirliyi tibbi təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədilə rezident-həkimlər üçün kardiocərrahiyyə, plastik cərrahiyyə, mamalıq-ginekologiya, immunologiya, endokrinologiya, laboratoriya işi və s. üzrə xaricdə 3-6 ay müddətinə rotasiya tsiklləri təşkil edir. Bu barədə Lent. az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İştirakçılardan xarici dildə səlis danışmaq tələb olunur.
İştirak üçün Elektron ərizə (çap edilərək imzalanmış nüsxə), kadrların şəxsi uçot vərəqəsi (tam doldurulmuş), ali təhsil haqqında diplomun surəti, əmək kitabçasının təsdiq edilmiş surəti (mövcud olduğu halda), rezidentin dövri attestasiyasının nəticələrini əks etdirən sənədin surəti, rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə, xarici dil biliyi barədə rəsmi sertifikat (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi, ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə), 3,5x4,5 ölçüdə 2 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti təqdim olunmalıdır.
Qeyd edək ki, sənəd qəbulu sentyabrın 16-dan başlayaraq 20 iş günü müddətində Səhiyyə Nazirliyində saat 10:00-dan 16:00-dək aparılır.