Hər il olduğu kimi, bu il də 20 yanvar faciəsinin ildönümünə bir neçə gün qalmış Şəhidlər Xiyabanının qərənfillərlə xüsusi bəzədilməsinə başlanılıb. Bu il də xiyabanın giriş hissəsində xüsusi ekspozisiya qurulacaq. Builki kompozisiyada şamın ətrafını qərənfillərdən hazırlanmış buta ornamenti bəzəyəcək.
Xiyabanın girişində 300 kvadratmetrlik sahədə əks etdirilən kompozisiyanı qərənfillərdən ibarət 20 Yanvar sözləri tamamlayacaq. Xiyabanın pilləkənlərində isə güllərdən şam, Azərbaycan bayrağı və xüsusi ornamentlər hazırlanacaq. Bununla yanaşı, Şəhidlər Xiyabanının əsas hərəkət hissəsi qərənfillərlə bəzədiləcək. Xiyabanın bəzədilməsi üçün Bakı kəndlərindən 70 min qərənfilin gətirildiyi deyilir.
20 yanvar faciəsinin ildönümünə bir neçə gün qalmasına baxmayaraq, artıq Şəhidlər Xiyabanını ziyarət edənlər var. Bura daha çox orta məktəb şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri var. Müəllimlər daha çox şagirdlərə 20 yanvarın nə olduğunu, məhz bu günün tarixini öyrədirlər.
APA TV-nin xəbərinə görə, hazırlıq işlərinin yanvarın 16-da günortayadək tam başa çatdırılması planlaşdırılır.