Bu gün Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi”nin növbəti məzun buraxılışı münasibəti ilə mərasim keçirilib.
Mərasimi giriş sözü ilə açan Mərkəzin direktor müavini Fəxrəddin Həsənzadə QHT Məktəbinin ölkəmizin QHT sektorunda oynadığı rolu və professional QHT işçilərinin formalaşdırılmasındakı xidmətləri haqqında məlumat verib. O, bildirib ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki belə təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin olması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir. Bu baxımdan QHT Məktəbinin davamlı olaraq inkişafı Mərkəzin əsas strateji məqsədlərindən biridir.
Təlimlərdə iştirak edən şəxslər Məktəbin verdiyi bilik və təcrübəni qiymətləndirərək, vətəndaş cəmiyyəti işinə ciddi töhfələr vermək niyyətində olduqlarını və bu işdə onlara QHT Məktəbinin ən böyük yardımçı olduğunu bildiriblər.
Daha sonra təlimləri uğurla başa vuran məzunlara diplomlar təqdim edilib.
Qeyd edək ki, ümumilikdə 800-dən artıq məzunu olmuş QHT Məktəbi 2002-ci ildən fəaliyyət göstərir və əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını və prinsiplərini təbliğ etmək, QHT nümayəndələrinin bilik və bacarığını, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək etməkdir.