Azərbaycanda Qarabağ müharibəsində, bilavasitə döyüş əməliyyatları zamanı şəhid olmuş şəxslərin siyahısının yenidən tərtib olunması prosesinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Hazırda Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) tərəfindən yerlərdə bununla bağlı dəqiqləşdirmə işləri aparılır, siyahılar yenidən hazırlanır. Yeni siyahıya atəşkəs dövründə cəbhədəki döyüşlərdə şəhid olan şəxslərin də adı daxil edilir.
SHÇDX-nin apardığı araşdırmalar zamanı döyüşlərdə şəhid olmuş şəxslərin siyahısına xeyli sayda təsadüfü adamın adının düşdüyü də müəyyənləşib. 1991-1994-cü illərdə cəbhə xəttindən kənarda baş verən silahlı münaqişələr, avtoqəzalar nəticəsində həlak olan hərbçilər, döyüş əməliyyatlarında iştirak etməyən mülki şəxslərin adlarının da bir çox halda siyahıya şəhid kimi daxil edildiyi faktları mövcuddur.
Dövlət Xidmətində hesab edirlər ki, dəqiqləşdirmələr zamanı ortaya çıxan faktlar Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycan Silahlı Qüvvələrinin canlı qüvvə itkisinin hazırda göstəriləndən əhəmiyyətli dərəcədə az olduğu deməyə əsas verir.
Yekun siyahı SHÇDX-nin rəsmi internet saytında yerləşdiriləcək.