Bu gün prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev prospektində yerləşən 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin yeni binasında yaradılan şəraitlə tanış olub.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı məktəbin köhnə binasının görüntülərini əks etdirən stendə baxıb.
Binanın birinci mərtəbəsində Heydər Əliyevin, Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı ilə bağlı fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı prezidentə məlumat verilib ki, burada genişmiqyaslı tikinti–abadlıq işləri aparılıb, şagirdlərin keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbin binası 2010-cu ilin mayında Kür və Araz çaylarında baş vermiş təbii fəlakət zamanı qrunt sularının səviyyəsinin qalxması nəticəsində qəzalı vəziyyətə düşüb. Məktəb binasının inşasına 2012-ci ilin mayında başlanılıb. Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən Mirzə Ələkbər Sabirin adını daşıyan məktəbin həyətində ədibin abidəsi ucaldılıb. Ümumi sahəsi 9415 kvadratmetr olan 1200 şagird yerlik dördmərtəbəli təhsil ocağı 109 otaqdan ibarətdir ki, bunlardan 68-i sinif otağıdır. Burada iki fizika, iki kimya, iki informatika və bir biologiya kabineti yaradılıb. Birinci mərtəbədə müasir idman zalı, direktor və sinif otaqları, ikinci mərtəbədə müəllimlər, sinif otaqları və ümumi sahəsi 140 kvadratmetr olan yeməkxana yerləşir. Üçüncü mərtəbədə 280 nəfərlik iclas zalı, sinif otaqları və müəllimlər otağı vardır. Dördüncü mərtəbədə də müəllimlər otağı, müvafiq sinif otaqları yaradılıb. Məktəbin həyətində eni 22, uzunluğu 44 metr olan idman meydançası inşa edilib.
Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıqlarını verib.