Təhsil Nazirliyi xarici ölkələrdə orta və ali təhsil alan və ya təhsil almaq üçün gedən yetkinlik yaşına (18 yaşına) çatmayan vətəndaşlarla bağlı yaranan bəzi problemlərə aydınlıq gətirib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, 18 yaşına çatmamış vətəndaşlar və ya onların valideynləri hər hansı xarici dövlətdə təhsil almaq məqsədi ilə ümumvətəndaşlıq pasportu almaq üçün Təhsil Nazirliyinə vəsatət məktubunun verilməsi üçün müraciət edirlər: “Təhsil Nazirliyi tərəfindən tələb olunan sənədlər tərəfimizdən verilən arayışın hazırlanmasına əsas kimi tələb olunur. Müraciətçinin xaricdə təhsil almasını sübut edən dəvət məktubunun tərcüməsi və notarial qaydada təsdiqi bu sənədlərin qeyri-dövlət dilində olması və onların həqiqiliyinin sübut olunması nöqteyi-nəzərindən tələb olunur”.
Qeyd edək ki, bu il 18 yaşına çatmayan vətəndaşların ümumvətəndaş pasportu almaq məqsədilə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanacaq arayışın hazırlanması üçün müəyyən sənədlərlə yanaşı, xaricdə təhsil almasını sübut edən dəvət məktubu (notarial qaydada təsdiq və tərcüməsi ilə) da Təhsil Nazirliyinə təqdim edilməlidir. Bununla bağlı problem yaranıb. Gənclərin xaricdə təhsil almasını sübut edən dəvət məktubu internet vasitəsilə göndərilir və bu da əsl sənəd olmadığı üçün notariuslarda notarial qaydada təsdiq edilmir.