Təhsil Nazirliyi müəllimlərin əmək məzuniyyətinin necə hesablandığına aydınlıq gətirib.
Lent.az-ın verdiyi məlumata görə, Təhsil Nazirliyi Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bildirib ki, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.
Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.