“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin Inkişafına Dəstək Ictimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir Mingəçevir şəhərində həyata keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması üçün gənclərə peşəkar təlimçilər tərəfindən təlimlər keçirilib, yerli fəal gənclərlə birgə könüllü aksiyalar, görüşlər təşkil edilib.
Təlimlər, aksiyalar və görüşlər zamanı gənclərin könüllülük işini daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər paylanıb. Sonda qiymətləndirmə seminarı təşkil olunub. Tədbirə 30 ən aktiv layihə iştirakçısı, yerli sakin və rəsmilərdən ibarət nümayəndə heyəti dəvət edilib, görülən işlər və onların əhəmiyyəti barədə fikirlər, təklif və iradlar öyrənilib.