“Buraxılış və qəbul imtahanlarının birləşdirilməsi nəzəriyyədə mümkündür. Lakin bunun üçün düzgün iş aparılmalı, mərhələlər müəyyənləşdirilməlidir”.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, ümumilikdə vahid imtahan heç də hər yerdə tətbiq olunan təcrübə deyil. Aparıcı dünya təcrübəsi ondan ibarətdir ki, universitetlərin tələbə qəbulu prosesində rolu çox fəaldır. Bir çox yerlərdə bu, universitetlərin müstəsna səlahiyyətidir, bir çox yerlərdə isə sadəcə universitetlər prosesdə iştirak edir və s. Bu, böyük bir mövzudur. Biz hamımız bilirik ki, hazırda Azərbaycanın ali təhsil ocaqlarına tələbə qəbulu sistemi çox effektiv və səmərəlidir. Bu, Azərbaycanda təhsilin keyfiyyətinə və sisteminə çox müsbət töhfə verən amildir. Gələcəkdə buraxılış imtahanları ilə qəbul imtahanlarının eyniləşdirilməsi prosesi nədən ibarət olmalıdır, onun fəsadları nə ola bilər, necə əmin ola bilək ki, qəbul imtahanlarında verilən suallar məktəb proqramında tətbiq olunan dərs proqramına əsaslanır. Bütün bu məsələlərlə bağlı sualları cavablandırmalıyıq. Ondan sonra biz prosesə hazırlıq barədə danışa bilərik”.