Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 55 m3/san azalaraq 82,2 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində və Ağstafaçayda fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
İyul ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevəndə fenollar 4, mis birləşmələri 2, Bəhramtəpədə isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.55-6.13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.