Avqustun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov Sumqayıt şəhərində bu bölgədən olan vətəndaşları qəbul edib. DQİDK mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Sumqayıt Tarixi Muzeyində keçirilən qəbulda DQİDK-nin sədri Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından gəlmiş dindarların, sakinlərin müraciətlərini və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Müraciətlər əsasən ibadət yerlərinin tikintisi və bərpası, dini mağazaların fəaliyyəti, həmçinin dini icmaların qeydiyyatı ilə bağlı olub.
DQİDK-nin sədri Elşad İsgəndərov təxminən 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinləyib, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.