“Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin son iclasında müxtəlif sahələrlə əlaqədar komissiyalar yaradılması haqqında qərar qəbul olundu. Bu komissiyaların yaradılması insanları maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətli bir addımdır”. Lent. az-ın məlumatına görə, bunu partiyanın saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, YAP-da komissiyaların yaradılması ciddi bir yenilikdi və biz bu yenilikdən səmərəli istifadə olunacaq: “Bunun üçün partiyamızın böyük potensialı var. Regionların inkişafına gəlincə, Azərbaycanda iqtisadiyyatın inkişafı proqramlar əsasında həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı da başa çatmaq üzrədir. Proqram çərçivəsində çox böyük işlər görülüb. Rayonlarımız abadlıq və quruculuq işləri baxımından paytaxtdan heç də geri qalmır. Onları hətta Avropa ölkələri ilə müqayisə etmək olar. Bununla belə, əsas vəzifələrimizdən biri də kənd yerlərində iş yerlərinin yaradılması prosesini davam etdirmək olmalıdır. Bu, kənd təsərrüfatı ilə müəyyən qədər bağlıdır. Biz torpaq islahatı zamanı torpağı kəndlilərə verdik. İnsanlar gərək böyük təsərrüfatlar yaratsınlar”.
Kooperasiyalar yaratmağın əhəmiyyətindən danışan komitə sədri vurğulayıb ki, insanlar bəzən buna getmək istəmirlər: “Hesab edirəm ki, biz partiya olaraq bu məsələni də əhali arasında təbliğ etməliyik və edəcəyik. Düşünürəm ki, komissiyaların yaradılması insanlarla sıx ünsiyyət qurmaq baxımından daha da faydalı olacaq”.