İctimai Televiziya və Radio Yayımları Şirkəti Gənclər, elm və təhsil departamenti
direktorunun müavini Ruhəngiz Mehmanqızının işdən çıxarılması ilə bağlı açıqlama yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, R.Mehmanqızı işə səhlənkar yanaşdığı üçün bu addım atılıb:
“Departament direktoru və onun müavini isə daşıdıqları məsuliyyəti unudaraq daim iş başında olmamaqları bir yana, İTV - nin maliyyə vəsaitini düşünmədən mənimsəməyi bacarıblar. Əslində isə məsələ tamam başqadır. Jurnalist may və iyul aylarında heç bir icazə və ezamiyyə sənədləri olmadan ölkə ərazisini tərk edib Gürcüstana gedib. Departament direktoru Cəsarət Valehov öz müavininin adını maaş cədvəlinə yazaraq işdə olmadığı günlər üçün də əmək haqqı almasına şərait yaradıb. Ruhəngiz xanımın ölkə sərhədini keçməsi ilə bağlı təkzibedilməz faktlar var. Məsələyə hüquqi prizmadan yanaşsaq Ruhəngiz xanımın icazəsiz işdə olmaması, ölkəni tərk etməsi departament direktorunun müavini kimi hansı məsuliyyət yiyəsi olduğunu açıq - aydın göstərir. İTV fasiləsiz xalqın xidmətindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla digər heç bir səbəb göstərilmədən işçinin işə çıxmaması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi üçün əsas ola bilər. Adı çəkilən jurnalist xanım üst-üstə 7 gün heç bir yazılı müraciəti olmadan səbəbsiz şəkildə işə çıxmayıb, əvəzində həmin günlər üçün ona əmək haqqı ödənilib. İTV ölkənin müvafiq qanun və əsasnamələrinin müəyyənləşdirdiyi prinsiplər əsasında fəaliyyət göstərir və hər bir işçinin hüququnun qorunmasını əsas fəaliyyət meyarı hesab edir. Ciddi qanun pozuntularına yol verən və cəzasız qalacağını düşünən, eləcə də, kiminsə diqtəsinə uyan və nəyinsə tezliklə dəyişəcəyinə inananlar öz gümanlarında ciddi şəkildə yanılırlar. İTV - nin yeni rəhbərliyinin müəyyənləşdirdiyi fəaliyyət prinsipinin mahiyyətini məhz bu cür ifadə etmək mümkündür”.
Qeyd edək ki, ötən həftənin axırlarında ölkənin bir sıra internet portallarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər,elm və təhsil departamenti direktorunun müavini R. Mehmanqızının işdən çıxarılması ilə bağlı xəbər yayılıb. Bu xəbəri R. Mehmanqızı özü də təsdiqləyib. R. Mehmanqızı işdən çıxarılması səbəbini 3 gün departament direktorunun icazəsi əsasında işə çıxmaması ilə əlaqələndirib.