İctimai Televiziya (İTV) və Radio Yayımları Şirkəti bəzi mətbuat orqanlarında şirkət haqqında dezinformasiya yayıldığı barədə bəyanat verib. Lent.az-ın məlumatına görə, bəyanatda qeyd edilir ki, bəzi mətbuat orqanlarında İTV-nin departament direktoru Füzuli İsmayılovun öz əməkdaşı Vaqif Cabbarlı ilə guya iş vaxtı dalaşması barədə xəbərlər həqiqəti əks etdirmir: “Peşəkar jurnalistikanın şərtlərinə görə, informasiya bir necə mənbədən dəqiqləşdirilməli və məlumatın mənbəyi mütləq göstərilməlidir. F. İsmayılovun öz əməkdaşı V. Cabbarlı ilə iş vaxtı dalaşması iddiası tamamilə həqiqətə uyğun deyil və uydurmadır. Dezinformasiya çapa hazırlanarkən, həmin şəxslərlə heç bir əlaqənin yaradılmaması, İctimai Televiziya və Radio Yayımları Şirkətinə heç bir zəng daxil olmaması media qurumlarının fəaliyyətini tənzimləyən qanunun və Konsititusiyanın müvafiq bəndlərinə ziddir”.
Bəyanatda vurğulanır ki, İctimai Televiziyada çalışdığı 8 il müddətində müxtəlif ictimai-siyasi proqramların aparıcısı, şərhçisi olan fəlsəfə doktoru F. İsmayılovun fəaliyyətində şirkətin iş prinsiplərinə zidd heç bir qanunsuz hərəkət qeydə alınmayıb, jurnalist təşkilatlarının bir sıra mükafatlarına layiq görülüb.