İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin direktor müavini Ruhəngiz Mehmanqızı işdən çıxarılıb. Lent.az-ın Modern.az-a istinadən məlumatına görə, Rühəngiz Mehmanqızı faktı təsdiqləyib. “Bu gün kadrlar şöbəsinin müdiri mənə dedi ki, işdən çıxmağın barədə ərizə yazım. Halbuki, dünən Cəmil Quliyevlə 2 veriliş haqqında danışmışam, verilişin qonaqlarının adını ona demişdim, o da razılaşmışdı və bu günə qonaqlarımı çağırmışdım. Saat 12-də çəkilişim başlamalı idi. Amma çəkilişdən 10 dəqiqə əvvəl məni çağırıb işdən çıxmağım barədə ərizə yazdırdılar. Ərizəmi yazdım, təbii ki, istənmədiyim yerdə qalmaq istəmərəm”.
R, Mehmanqızı işdən çıxma səbəbini şifahi icazə alması ilə əlaqələndirib. “Guya qeyd edilir ki, mən 3 gün işdən şifahi şəkildə icazə almışam, halbuki, bu, yazılı formada olmalı idi. Düşünmürəm ki, bu məni işdən çıxartmaq üçün səbəb olsun. Sadəcə bir bəhanədir”.
Psixologiya sahəsində təhsil aldığını deyən Ruhəngiz Mehmanqızı qeyd edib ki, o öz sahəsinin peşəkarı olub “20 ildir uşaq psixologiyası ilə məşğulam. “Addım-addım” verilişini hazırlayırdım. Daha sonra “Valideyn klubu” adlı radio proqramı aparırdım. Ümumiyyətlə bizdə uşaq problemləri ilə bağlı hazırlanan proqramlar azdır. Bu verilişlərdə məqsədim uşaq problemlərini cəmiyyətə çatdırmaq idi”.
R. Mehmanqızı bundan sonra uşaq psixoloqu kimi karyerasını davam etdirəcəyini bildirib.
“Cəmil Quliyev İTV baş direktoru seçiləndə demişdi ki, peşəkarlarla işləyəcək. Amma o məni tanımadan, mənimlə söhbət etmədən işdən çıxarıldım. Hər halda bunu kadrlar şöbəsinin deyil, Cəmil Quliyevin mənə deməyini gözləyirdim”.