20 yanvar şəhidləri İlham və Fərizənin ailə üzvü - İlham Allahverdiyevin böyük qardaşı Elxan Allahverdiyev ailə adından İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Cəmil Quliyevə məktub ünvanlayıb. Lent.az-ın qaziler.az saytına istinadən məlumatına görə, məktubda onlar İlhamla Fərizədən bəhs eləyən sənədli filmin çəkilişlərinə görə C. Quliyevə təşəkkür edirlər:
“Hörmətli Cəmil müəllim!
Bu il iyul ayının 23-də rəhbərlik etdiyiniz televiziyanın istehsalı olan 20 yanvar şəhidləri İlhamla Fərizədən bəhs eləyən sənədli film hər birimizi riqqətə gətirdi. Filmdə İlhamın Vətən uğrunda canından keçdiyi, Fərizənin isə həmişə bağlı olduğu İlhamı üçün canını fəda etdiyi, bu iki gəncin ölməz məhəbbəti o qədər gözəl əks olunmuşdu ki, hər birimiz sanki İlhamı, Fərizəni yenidən gördük, onların xatirəsinin və sevgilərinin həqiqətən xalqımızın qəlbində əbədi yaşayacağına bir daha əmin olduq. Buna görə, ailəmiz adından başda Siz olmaqla İctimai Televiziyanın kollektivinə minnətdarlığımızı bildiririk!”