Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 (min dörd yüz əlli) manat müəyyən edilib. Bundan başqa “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005, № 3, maddə 167; 2006, № 11, maddə 939; 2007, № 12, maddə 1235; 2008, №7, maddə 621; 2016, № 10, maddə 1628) 2-ci hissəsində “1300 (min üç yüz)” sözləri “1450 (min dörd yüz əlli)” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməyi öz öhdəsinə götürüb.