Bakıda yerləşən 98 saylı uşaq bağçasında valideyndən pul tələb olunub.
Lent.az xəbər verir ki, bu barədə uşağın valideyni paylaşım edib.
Onun sözlərinə görə, övladı dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qeydiyyat sistemi vasitəsilə qəbul olunub. Lakin bağçaya müraciət etdikdə ona uşağın yerləşdirildiyi qrupun ödənişli olduğu bildirilib.
Şikayətçi qeyd edib ki, bağça rəhbərliyi dövlət bağçasının tərkibində özəl, yəni ödənişli qrupun fəaliyyət göstərdiyini və həmin qrup üçün müəyyən məbləğdə ödəniş edilməli olduğunu deyib.
Valideyn dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qaydada qəbul edilmiş uşağın hansı əsasla ödənişli qrupa yönləndirildiyinin ona aydın şəkildə izah edilmədiyini bildirib.
“Dövlət bağçasına elektron sistem vasitəsilə qəbul olunan uşağın sonradan ödənişli qrupa yerləşdirilməsi hansı hüquqi əsasla həyata keçirilir? Dövlət bağçasının daxilində bu formada ödənişli qrupun fəaliyyət göstərməsi qanunidirmi?” – deyə valideyn qeyd edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan iddia ilə bağlı müvafiq araşdırma aparılır:
“Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir”.