Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram sənliyi təşkil edib
30 dekabr 2015 21:07 (UTC +04:00)

Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram sənliyi təşkil edib

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

 

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

 

Heydər Əliyev Fondunun təşkil etdiyi şənlik xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən “Buta” sarayında keçirilib. Bu il də balacaları sevindirmək üçün “Buta” sarayında nağıllar aləmindəki kimi ab-hava yaradılıb. Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış ediblər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl hisslər doğurub. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edib.

 

Bayramda çıxış edən Mehriban Əliyeva bildirib ki, 2015-ci il Azərbaycanın tarixində yeni nailiyyətlərlə, yeni qələbələrlə qalacaq: “Bununla yanaşı, 2015-ci ildə ölkəmiz, xalqımız ağır anlarla da üzləşmişdir. Mayın 19-da faciəli yanğın zamanı həlak olmuş vətəndaşlarımız, dekabrın 4-də “Günəşli” yatağında dünyasını dəyişmiş neftçilərimiz, cəbhə xəttində Vətən qarşısında öz borcunu yerinə yetirərkən həyatlarını itirmiş əsgərlərimiz, bütün bu hadisələr hər bir azərbaycanlının ürəyində kədərlə və ağrı ilə qarşılanmışdır”.

 

Mehriban Əliyeva qeyd edib ki,  bu ilin ən yaddaqalan hadisələrindən biri ölkəmizdə Avropa Olimpiya Hərəkatının tarixində ilk dəfə Azərbaycanda, Bakıda keçirilmiş ilk Avropa Oyunları olub: “Bizim idmançılarımız cəsarət, güc göstərdilər və nəticədə yığma komandamız 50 ölkə arasında ikinci yeri tutmağa nail oldu. Bu, əlbəttə ki, böyük qələbədir. Mən əminəm ki, sizin aranızda gələcək Olimpiya, dünya və Avropa çempionları var. Ona görə, mən sizi idmanla məşğul olmağa çağırıram. Mən sizi yaxşı oxumağa, təhsil almağa çağırıram. Bu gün gözəl təhsil almaq, savadlı olmaq, bilikli olmaq sizin ən vacib, ən böyük vəzifənizdir”.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib: “Əminəm ki, 2016-cı il ölkəmiz üçün yeni uğurlar, yeni nailiyyətlər gətirəcək. Bu gün ölkəmiz yeni çağırışlarla üzləşir. Hər zaman olduğu kimi, Azərbaycan xalqının müdrikliyi, birliyi bizə bütün çətinliklərin öhdəsindən gəlməyə imkan yaradacaq”.

 

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub. Üç gün davam edən bayram şənliyində iki mindən çox uşaq və məktəbli iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar