“Gürcüstan və İrandan ölkəyə diri heyvanların idxalı ilə bağlı məhdudiyyətlər hələ də qüvvədədir”.
Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Y. Xanvəli qeyd edib ki, Gürcüstanda diri heyvanlar arasında taun və blutanq xəstəliyi qeydə alındığı üçün həmin ölkədən Azərbaycana diri heyvanların ( xırdabuynuzlu, iribuynuzlu və dəvələrin) idxalına qoyulan məhdudiyyətlər qaldırılmayıb: “ Bundan başqa, İranda da dabaq xəstəliyi baş verdiyi üçün həmin ölkədən Azərbaycana diri heyvanların və heyvandarlıq məhsullarının gətirilməsinə qoyulan qadağa da bu gün qüvvədə qalır”.
Y. Xanvəli əlavə edib ki, dabaq, taun, blutanq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir.
Xatırladaq ki, Gürcüstandan diri heyvanların (iribuynuzlu, xırdabuynuzlu və dəvələrin) idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Gürcüstan Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı və mənşə sertifikatı olduğu təqdirdə baxılması haqqında əmr imzalanıb.
Bundan başqa, Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili bölgəsində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alındığı üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 04 nömrəli 2016-cı il 11 fevral tarixli əmrinə uyğun olaraq, Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan bölgələrindən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Həmçinin İran İslam Respublikasının Qum bölgəsində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov 11 yanvar 2016-cı il tarixində 01 saylı Əmr imzalayıb.