İki nazirliyin də rəyləri tələb olunacaq
Nazirlər Kabineti “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib.
Lent..az-ın verdiyi məlumata görə, bu Qayda gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallarını və qaydasını tənzimləyir.
Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında həyata keçirilir. Malların məhv edilməsi həmin malların tamamilə məhv edilməsi ilə nəticələnən, onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir.
Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir:
- malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir;
- əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır.
- Malların məhv edilməsi ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.
- Malların məhv edilməsinin ətraf mühitə ziyan vura biləcəyinə əsaslar olduqda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyi uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi alınmalıdır.
- Malların məhvinin təhlükəli və ya radioaktiv tullantıların (qalıqların) atılması, axıdılması və anbarlaşdırılması ilə bağlı olmasına ehtimal olduqda, belə məhvetməyə qanunvericilikdə nəzərdə tutulduğu hallarda Fövqəladə Hallar Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən və Səhiyyə Nazirliyindən müvafiq icazələr alınmaqla və onların iştirakı ilə yol verilir.
- Malların məhv edilməsində ekoloji və səhiyyə tələbləri üzrə səlahiyyətli orqanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyidir.
Gömrük orqanlarına təqdim edilmiş mallar şəxsin müraciəti əsasında, qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Şəxsin müraciəti əsasında aşağıdakı malların məhv edilməsinə yol verilmir:
- Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş malların;
- Azərbaycan Respublikasının və xarici ölkə xalqlarının mədəni, tarixi, arxeoloji sərvəti olan əşyaların;
- xüsusi təhlükəli heyvan xəstəlikləri və bitki karantini obyektlərinin yayılması hallarının qarşısını almaq məqsədi ilə aparılan tədbirlər istisna olmaqla, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyaya (CİTES) əsasən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növlərinin, onların hissələrinin və törəmələrinin.
Gömrük orqanları tərəfindən malların məhv edilməsinə aşağıdakı hallarda icazə verilmir:
- malların məhv edilməsi ətraf mühitə və insan sağlamlığına zərər vura bilərsə;
- malların məhv edilməsi dövlət üçün xərclərə səbəb ola bilərsə;
- gömrük orqanının malların məhv edilməsi prosesinə nəzarət etmək imkanı olmazsa.
Malların məhv edilməsinə məhvetmə nəticəsində onlar ilkin istehlak xassələrini və ya kommersiya dəyərini tamamilə itirdikdə yol verilir. Malların məhv edilməsinə icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri tərəfindən qəbul edilir. Şəxsin müraciəti olduqda, qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların məhv edilməsinə gömrük orqanları tərəfindən icazə verilir.
Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı müraciət edən şəxsin ərizəsi təqdim edilməklə və bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Malların məhv edilməsi gömrük orqanına müraciət edən şəxsin və ya onun nümayəndəsinin, o cümlədən bu Qaydada göstərilən icazəni verən dövlət orqanının nümayəndəsinin iştirakı ilə gömrük nəzarəti altında həyata keçirilir. Malların məhv edilməsinə akt malların məhv edilməsi üçün gömrük orqanına müraciət edən şəxs və ya onun nümayəndəsi, həmçinin gömrük orqanının və digər dövlət orqanlarının nümayəndələri tərəfindən imzalanır. Həmin şəxslərə aktın surəti verilir. Gömrük orqanı malın məhv edilməsinə dair icazə verməkdən imtina etdiyi halda, imtinanın səbəbini göstərməklə şəxsə yazılı məlumat verir. Şəxsin müraciəti əsasında malların gömrük nəzarəti altında məhvinin yerinə yetirilməsinə görə gömrük yığımları alınır. Şəxsin müraciəti əsasında malların məhvi və yaranan tullantıların (qalıqların) zərərsizləşdirilməsi onların sahibinin vəsaiti hesabına həyata keçirilir.
Şəxsin müraciəti əsasında malların məhv edilməsi nəticəsində əmələ gəlmiş bütün tullantılar (qalıqlar) gömrük nəzarəti altında olan mallar kimi gömrük rəsmiləşdirilməsindən keçirilməlidir. Malların məhv edilməsinə icazə vermiş gömrük orqanı məhvetmə nəticəsində əmələ gəlmiş tullantıların (qalıqların) gömrük rəsmiləşdirilməsinin yerini müəyyən edir. Gömrük dəyəri 20 ABŞ dollarından artıq olmayan, basdırıldığına və ya basdırılmalı olduğuna görə sonrakı istifadəsi qeyri-mümkün olan tullantılar (qalıqlar) sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun şəkildə gömrük rəsmiləşdirilməsindən keçirilməməlidir. Malların məhvi nəticəsində yaranan tullantılar (qalıqlar) daxili bazarda istifadə olunduqda və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq edilir.