Avqustun ilk 15 günündə ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları araşdırma aparıb.
APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 153 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 35 iş üzrə 88500 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 17 iş üzrə 10177, 04 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 166 iş üzrə 18503 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qruplarına 7, məhkəmələrə isə 1 iş göndərilib.