Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
Komissiyadan Lent.az-a verilən məlumata görə, müsabiqə avqustun 28-dən 30 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 130 vakant vəzifənin tutulması üçün elan olunub.
Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 65-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqədə iştirak etmək arzusunda olanlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 28 avqust 2015-ci il tarixdən 26 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Qeyd edək ki, avqustun 6-da Komissiya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib. Bu günə kimi müsabiqədə iştirak etmək üçün 578 nəfər Komissiyada qeydiyyatdan keçib. Bu müsabiqə üzrə qeydiyyat sentyabrın 4-də başa çatacaq.
Avqustun 14-də 55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqəyə isə artıq 2458 nəfər sənəd verib. Bu müsabiqə üzrə qeydiyyat sentyabrın 14-də başa çatacaq.