Daha 24 azərbaycanlı tələbə Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilən həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcək.
Təhsil Nazirliyi xaricdə təhsil alan tələbələrin ölkəyə qayıdaraq müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda uğurla çalışacağına, Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafının yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini şərəflə yerinə yetirəcəklərinə əminliyini də ifadə edib.
Qeyd edək ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu avqustun 15-də başa çatacaq.