Gənclər və İdman Nazirliyində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən «Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş» adlı beynəlxalq yay məktəbinin iştirakçıları ilə görüş olub. Mərkəzdən Lent.az-a verilən məlumatına görə, «Birinci Avropa Oyunları-Azərbaycanın zəfəri» mövzusunu əhatə edən tədbirdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov Bakıda təşkil olunmuş möhtəşəm idman təntənəsi haqqında ətraflı məlumat verib.
Sözügedən nazirliyin rəsmisi Erkin Nəsirli Birinci Avropa Oyunları haqqında slaydlar vasitəsilə geniş təqdimatla çıxış edib. Tələbələr Birinci Avropa Oyunlarının qalibləri-Firdovsi Fərzəliyev, Niyazi Əliyev, Fəridə Əzizova, İlahə Qasımova, Sevinc və Sevil Bünyatova bacıları ilə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tələbələr «İçərişəhər» dövlət tarixi memarlıq qoruğunun əməkdaşı Rahib Azərinin bələdçiliyi ilə İçərişəhərə, Qoşa Qalaya, Ensiklopediyaya, Şirvanşahlar Sarayına və Qız Qalasına ekskursiya ediblər, Bakı bulvarını və şəhər mərkəzini gəziblər.