Zığ dairəsi - Heydər Əliyev adına Beynəlxalq hava limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə çəkilən yeni yolda son tamamlanma işləri aparılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni salınan yolun uzunluğu 12,5 km, eni isə, 21,5 metrdir. Yolun üzərində 11 suötürücüsü, 3 heyvan keçidi inşa olunub. Hazırda yol boyu işıq dirəklərinin quraşdırılması, dairələrdə yaşıllıq zolaqlarının salınması, əyrixətli tirlərin vurulması və sair işlər davam etdirilir. Son tamamlanma işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.
İnşasına 2011-ci ildə başlanılan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.