"Əvvəlki illərə nisbətən layihələrin yazılışında xeyli fərq var. Həm Bakıda, həm də regionlarda QHT-lərə təlimlər keçirik. QHT-lərə Dövlət dəstəyi Şurası həm layihələrə nəzarət edir, həm maliyyə ayırır, həm də onları təlimatlandırır. Bütün bunlar o demək deyil ki, vəziyyət ideal haldadır".
Lent. az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında QHT-ə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, elə QHT-lər var ki, onlar nə etdiklərini bilmir. Onların əsas məqsədi qrant almaqdır, bu, yol verilməzdir: "Təbii ki, QHT-lərin öz maliyyə mənbələri yoxdur, onlar öz işlərini layihələrə ayrılan maliyyə hesabına qururlar. Şura yaranan gündən QHT-lərə öz dəstəyini əsirgəmir.
Hər bir təşkilatın elektron hökumətə keçməsi şəffaflığın artmasına səbəb olur. Bu, işlərin daha çevik həyata keçirilməsinə şərait yaradır. Bu ildən layihələrin ekspertizası elektron şəkildə həyata keçiriləcək. Bunun nəticəsində layihələr Şuraya çap şəklində təqdim olunmayacaq. Bütün bunlar ona hesablanır ki, Şuranın ekspertləri ilə QHT-lər arasında münasibətlər minimuma ensin, bununla da neqativ halların qarşısı alınacaq. Bu işin mənimsənilməsi sahəsində problemlər mövcuddur, gələn ildən Bakıda və regionlarda bu istiqamətdə təlimlər keçiriləcək".
Şura sədri onu da vurğulayıb ki, 2014-cü ilin maliyyə müsabiqəsi mövzularını müəyyən etmək üçün ictimai dinləmələr keçirilib.
"Biz çox istərdik ki, QHT-lər növbəti il üçün hansı mövzuları prioritet hesab edirlər QHT-lər ilə müzakirələr aparılacaq. QHT rəhbərləri və nümayəndələri öz təkliflərini səsləndirib".