Son 10 ildə gənclərə ayrılan vəsait 100 dəfə artıb
Gənclər və idman naziri Azad Rəhimov nazirliyin 2013-cü ilin yanvar–avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə nazir əldə olunan nailiyyətlərdən danışıb.
Onun sözlərinə görə, hazırda gənclər siyasəti üzrə ayrılan büdcə vəsaitinin miqdarı 25 milyon manat təşkil edir. Ötən müddət ərzində müxtəlif bölgələrdə 19 Gənclər Evi açılıb.
Nazir bildirib ki, bu müddət ərzində gənclər siyasəti sahəsində 90-dan artıq tədbir həyata keçirilib: “Onlardan 18-i beynəlxalq tipli tədbir 30-dan çox ölkədə keçirilib. İki mindən artıq gənc isə 50 ölkədə keçirilən tədbirlərdə iştirak edib. Nazirliyimiz gənclərlə bağlı 4 televiziya layihəsini dəstəkləyir. Həmçinin, düşərgələrlə bağlı da layihələri davam etdiririk. Bu düşərgələrdə 2600-də çox gənc iştirak edib”.
A. Rəhimovun sözlərinə görə, nazirlik həmçinin QHT-lərə də dəstək göstərir: “2003-cü ildə gənclər sahəsi üzrə 51 QHT vardısa, hazırda 250-dən artıq QHT var. 197 min vahid tələbə kartından 130 mini paylanıb. Uğurlu idman layihələrinin təkmilləşdirilməsi üzərində də işlər aparılır”.
Azərbaycanda gənclər mükafatının təsis olunması barədə danışan nazir bunun çox sevindirici hal olduğunu deyib: “Belə düşünürük ki, gənclər mükafatı gələn il də bizim işimizin əsas qayəsini təşkil edəcək”.
Nazir həmçinin, gənclərin seçkilərdə iştirakının vacibliyini də vurğulayıb: “Bu seçki ilində 600 min gənc seçkidə ilk dəfə iştirak edəcək. Bu, bizim üçün çox vacibdir. Əsas məqsədimiz odur ki, bu sahədə gəncləri maarifləndirək və onları məntəqələrə cəlb edək. Bunun üçün regionlarda da iş aparılır. Həmçinin, roliklər hazırlanır. Yaxın zamanda bu roliklər ictimaiyyətə təqdim olunacaq”.