Atlarımız nədən öldü?
26 avqust 2014 11:44 (UTC +04:00)

Atlarımız nədən öldü?

Mən atları indiki qədər duymamışdım.  Bilmirəm niyə? Daşkəsən rayonunun Xoşbulaq  yaylağında gördüyüm atlar çox kədərli idi? Bəlkə mənim düşüncəm yaşa dolub, ya ağıllanmışam,  ya da qocalmışam, bilmirəm, bir onu bilirəm ki, uşaq vaxtı sevdiyim  atları elə bil indi başqa cür dərk edirdim. “Yorulmuş atları güllələyirlər” yox, yorulmuş atları  minirlər qənaətinə gəlmişdim.

 

Elə bil 10 yaşımdan 50 yaşıma qədər bu atlar yüyürmüşdülər. Nə üçün yüyürdüklərinin fərqinə varanda çox peşman olmuşdular. Atlar peşmançılıq içində yaşayırdılar.

Xoşbulaqlı bir uşaq deyir.

 

- Bu il kirayə iki at götürmüşəm. Yarım saat minmək iki manatdır. Atla şəkil çəkdirmək bir manatdır.

 

Ürəyimdən bir gizilti keçdi. Anan ölsün, at, çölün, düzün  mələşin, a kəhər.

Bu ağını o zaman dedim ki, sən demə, uşağı da atları ilə birgə kirayə götürən yekə bir  kişi varmış.

 

Ayağındakı səkilin  (Ağ)  pozulsun, ay at. Alnındakı qarın (qaşka) ərisin.

Bu ağını da o zaman dedim ki, əsasən atları pulla minən  uşaqlar yox, kök oğlanlar və kişilər idi. Uşaqları atlara  bağışlamaq olar. Amma at sürə bilməyən bu qanmaz, dilbilməz kök şəhər kişilərini kimə və niyə bağışlayasan?

 

Fikir ver, bunun at sürməyinə, həm atı qamçılayır, həm də yüyəni dartır. Həm dizləri ilə dəhmərləyir (döyür), həm də qəhqəhə çəkib gülür. At bilmir neyləsin, bilmir yorğalasın, yoxsa dayansın. Sağa dönsün, yoxsa sola getsin. Çünki üstündəki o qədər nadandı ki, at atlığından utanır. Ürəyimi o dağlayır ki, atın bir gözü də pul yığan uşaqdadı: “Görəsən yarım saat bitmədi ki...?”

 

Aha, başqa bir kişi minir atı. Guya bu at çapanmış. Atın ağzını dirəyir qara yoxuşa. Atın daycası   da dalınca qaçır. Atın bir gözü arxasındadı - dayçasında. Elə bil dözmür balasının bu sərt yoxuşu çıxmağına.  Dayça kişnəyir, atın nəfəsi qaralır, cavab verə bilmir balasına.

At utana-utana qayıdır həmin yerinə. Onu kirayə götürən uşağın yanına. Kədərlidir at... Köks ötürür, içindən elə bil külək keçir. Dayçası dağın başındadı, hələ kişnəyir. Aşağı düşmür balaca. Bilir ki, anasını yenə o dağa çapacaqlar.

Dayçanı anasını əmməyə qoymurlar.

Ürəyimdən bir qarğış keçir, sənin yiyən (sahibin) ölsün, ay at. Səni niyə yad  qapılara salıb? Gəlsin qoç Koroğlu, gəlsin qoç Nəbu, sənin bu halını görüb ağlasın, ay at. Kəlbəcər hönkürsün, Dəli dağ dolu yağdırsın başına, ay at.

 

At bilir ki, mən nə deyirəm, bir gözü məndə bir gözü də uşağın növbəti yarım saat üçün əlinə basılan puldadı. At bilir ki, adamı bir kisi minər, bir kişi düşər. Uzaq  başı o kişinin uşağı, arvadı minər. At bilir ki, onu minən kişi ya toya gedər, ya yasa. Ya dükana gedər, ya bazara. Ya bir obaya gedər, ya da onu  nallatmağa. Amma yüz metr belə, 200 metr belə getməyi at anlamaz. Bu başa, o başa qaçmağı at avaraçılıq sayar. Onda rüsvay olur at.  Məqsədsiz, mənzilsiz gedişləri namussuzluq bilər at.

Yaman kədərlənir Kəhərim, yaxşı tanıyır belinə aldığı adamları, onlarını vicdanını, namusunu çəkir at. Yüz adam minməz atı. Atı bir kişi minər, minib də mənzilə yetər. At belə görüb, belə götürüb.

Cırıq yəhərinə, düşgün halına, kədərli gününə qurban olum, at.  Ələsgər vaxtına, Nəbi çağına,  Koroğlu dəminə qurban olum, at.

Elə bu zaman qarnın qaşıya-qaşı bir kişi gəlib uşaqdan soruşdu:

 

- Neçəyədi ə, at.

 

- İki manata.

 

Yadıma Koroğlu düşdü. “Əylən deyim Qıratın qiymətini”.  Bilirəm, o at intihar edəcək. Bu namussuzluğa dözməyəcək, öləcək. Sonra mən də ona bir şeir yazacam: “Bilirsiz, atlarımız nədən öldü?”

Ürəyim ağrıya-ağrıya qaçıram Bakıya. Mən ev kirayəsi, bank krediti görmüşdüm, at kirayəsi, at krediti görməmişdim.

Yiyən ölsün, at!

Qurban olum, at

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar