Goranboyda kişi qardaşının evini əxlaqsızlıq yuvasına çevirib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.
Belə ki, rayonda əxlaqsızlıqla məşğul olan qadın 34 yaşlı Fuad Mirzəyevə (ad və soyad şərtidir) zəng edərək, ona 1 saatlıq ev lazım olduğunu deyib. Fuad da qazanc əldə etmək məqsədilə qadınla razılaşıb və qardaşına məxsus evi 50 manat qarşılığında cütlüyə verib.
Fuad Vidadi küçəsində yerləşən və qardaşına məxsus mənzilin açarlarını əxlaqsızlıq edən qadınla onun yanındakı oğlana verəndən sonra küçədə polis əməkdaşları tərəfindən saxlanılıb. Şöbədə onun aldığı 50 manat maddi sübut kimi götürülüb. Polis əməkdaşları həmin evə yoxlama üçün gedəndə qadın və oğlanı cinsi əlaqədə olarkən yaxalayıblar.
Bu əməlinə görə, Fuad Mirzəyev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün mənzil sahələri vermə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs əvvəllər evi əxlaqsızlıqla məşğul olan şəxslərə vermədiyini, lakin 1-2 gün gecələmək istəyənlərə verdiyini deyib. Evi əxlaqsız qadına verməsini isə mənzil sahibi olan qardaşı bilməyib. O, əməlindən peşman olduğunu bildirib.
Goranboy rayon Məhkəməsinin qərarı ilə Fuad Mirzəyev aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.