"Bizə gəlmişdi, qan içində idi"  - Ərinin qətlini sifariş verən Əzizənin MƏHKƏMƏSİ
03 noyabr 2025 18:03 (UTC +04:00)

"Bizə gəlmişdi, qan içində idi" - Ərinin qətlini sifariş verən Əzizənin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, məhkəmə şahid ifadələri ilə davam edib. 

Şahid Mehin Məmmədova ifadəsindı qardaşının həmin gün onlara gəldiyini dedi: 

"Bizə gəlmişdi, əli kəsik  və qan içində idi. Soruşdum nə olub, "Dalaşmışam, bakal kəsib" dedi. Polis zəng elədi, yerini demədi və "odboy" verdi, sonra getdi. Səhəri günü polislər iş yerimdən məni gəlib apardılar. İstintaqda dörd saat yarım qaldım, elə halda idim ki, həyəcandan, çaşqınlıqdan özümü itirmişdim. Mən dedim, onlar yazdılar, qol çəkdirdilər, amma yazdığımı həyəcandan, sarsıntıdan  oxumamışam. Əzizə ilə də yaxşı münasibətim olub, lakin qardaşımın həbsindən sonra ona çox əsəbi idim. Mən indi buradakı ifadəmi təsdiqləyirəm".

Məhkəmə şahid ifadəsindən sonra növbəti prosesin 1dekabr saat 16:00 -a təyin olunduğunu elan etdi.

Xatırladaq ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə cəzalandırmaq istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onun qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər. 

Onu da qeyd edək ki, daha öncəki məhkəmə prosesləri zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib.

Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar