Xəzər dənizində xilasetmə işləri həyata keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, xidmətin Sahil mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir.
Oktyabr ayının 31-də saat 15:35-də Sahil mühafizəsinin Astara sahil nəzarəti şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında balıqçı qayığının zədələnməsi nəticəsində 3 nəfər heyət üzvünün batma təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmiş və operativ şəkildə hadisə yerinə çatıb.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində saat 17:15-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşları, Astara rayon sakinləri – 45 yaşlı Ağabalayev Ruhid Murtuza oğlu, 40 yaşlı Həsənov Namik Xanhüseyn oğlu və 41 yaşlı Həsənov Arif Sürət oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

