Çiy ətin soyuducuda düzgün saxlanılması yalnız məhsulun təzəliyini qorumaq üçün deyil, həm də qida zəhərlənməsi və digər məhsulların çirklənməsi riskini azaltmaq baxımından vacibdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər çiy ət, quş əti və dəniz məhsullarının soyuducunun aşağı rəfində, mümkün qədər arxa hissədə saxlanmasını tövsiyə edirlər.
Soyuducunun arxa hissəsi qapıya yaxın sahələrlə müqayisədə daha soyuq olur və temperatur dəyişikliklərinə daha az məruz qalır. Aşağı rəfdə saxlanılan ətin mayesinin digər qidaların üzərinə axması ehtimalı da azalır.
Mütəxəssislərin sözlərinə görə, əti bir-iki gün ərzində istifadə etmək planlaşdırılırsa, onu orijinal qablaşdırmasında saxlamaq olar. Daha uzun müddət üçün isə hava keçirməyən qabdan və ya kip bağlanan paketdən istifadə etmək məsləhətdir.
Ətin altına boşqab və ya xüsusi qab qoymaq da tövsiyə edilir. Bu, qablaşdırmadan maye sızdığı halda digər məhsulların çirklənməsinin qarşısını ala bilər.
Soyuducuda xüsusi ət və ya soyutma bölməsi varsa, çiy məhsullar üçün həmin hissədən istifadə etmək daha məqsədəuyğundur.
Mütəxəssislər soyuducunu həddindən artıq doldurmamağı da tövsiyə edirlər. Çünki məhsulların çox sıx yerləşdirilməsi hava dövranını zəiflədə və sabit temperaturun qorunmasını çətinləşdirə bilər.
Çiy ətin alınma tarixini və son istifadə müddətini qeyd etmək də onun nə qədər təzə qaldığını izləməyə kömək edir. Ət yaxın günlərdə istifadə olunmayacaqsa, onu dondurmaq daha təhlükəsiz hesab olunur.
Ətin xarab olduğunu göstərən əsas əlamətlər isə selikli səth, boz və ya yaşılımtıl rəng, eləcə də kəskin və xoşagəlməz qoxudur.