Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov, Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.
Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası 2 oktyabra təyin edilib.
Təqsirləndirilən şəxslər dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hazırda ittiham olunan keçmiş idarə rəisi Elnur Süleymanov Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. O, hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.